Ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti, 50b
10/16/2023 955

Karyera planı necə qurulur?

Karyera planı necə qurulur?

 

Uşaqlıqdan hamının bizə verdiyi məşhur suallar var. “Atanı çox istəyirsən, yoxsa ananı?” , “Bağçaya gedirsən?”, “ Böyüyəndə nə olacaqsan?”. Bunlardan  ilk ikisinin cavabını dəqiq verə bilsək də, üçüncü suala uşaq yaşlarımızda öz fantaziyalarımızla cavab veririk. Amma özümüz tam bilmirik, böyüyəndə nə olacağıq? Bu sual bizi elə uşaq yaşlarımızdan düşündürür və özümüz də bilmədən elə o vaxtdan ilkin karyera planlarımızı qurmağa başlayırıq. Karyera planlaması gələcək iş həyatımızı formalaşdırmaq və hədəflərimizə çatmaq üçün izləməli olduğumuz yolun müəyyən edilməsində mühüm bir hissədir. Uğurlu karyera planı üçün hansı addımları izləməliyik?

 

  1. Özünüzü kəşf edin: Bacarıqlarınız, maraqlarınız, dəyərləriniz və məqsədləriniz haqqında dərin düşünün. Siz özünüzü harada görürsünüz? Sizi hansı peşələr daha çox maraqlandırır? Özünüzü harada xoşbəxt hiss edəcəksiniz? Bu suallara cavab tapın.
  2. Araşdırma aparın: Hədəf etdiyiniz sektor və peşə haqqında ətraflı araşdırma aparın. Yaxşı olar ki, arzuladığınız peşəyə sahib baş qəhrəmanların olduğu kitabları oxuyub, filmlərə baxasınız. Ətrafınızda o peşəyə sahib olan biri ilə söhbətlər aparın, ixtisasının yaxşı və pis cəhətlərini öyrənin. Belə birini tanımırsınızsa sosial şəbəkələrdə hər peşəyə uyğun olan qrup və səhifələrə baş çəkin, orada gələcək kolleqalarınızı tapa bilərsiniz.
  3. Öyrənin, bacarıqlarınızı inkişaf etdirin: Arzuladığınız ixtisasda tələb olunan bacarıq və kursları müəyyən etdikdən sonra diqqətinizi yeniliklər öyrənməyə cəmləyin. Unutmayın, Bani seminariyası bir çox peşəyə yiyələnməkdə baş köməkçiniz ola bilər.
  4. Məqsədlər qoyun: Qısa və uzunmüddətli hədəflər qoyun və onlara intizamla çatmağa çalışın. Bu bölgünü 1 il sonra olmaq istədiyim yer, 3 il sonra olmaq istədiyim yer və s. kimi müəyyənləşdirə bilərsiniz.
  5. Kolleqalarınızla möhkəm şəbəkə qurun: Peşəkar kolleqalarınızla tanış olmaq sizin yeni iş imkanlarına çatmanıza kömək edəcək. Onlardan peşənizlə bağlı yeniliklər və təcrübələr öyrənməyə səy göstərin.
  6. Addımlarınızı izləyin: Davamlı olaraq etdikləriniz və etməli olduqlarınızı gözdən keçirin. Bir dəftərdə qeyd edərək keçdiyiniz yolu gözünüzlə görmək sizə daha düzgün plan qurmağa, qərar verməyə kömək edəcək.
  7. Çevik olun: Karyera planınızda dəyişən şərtlərə uyğunlaşma bacarığınızı inkişaf etdirin. Planınızda olmayan iş imkanı yarandıqda şansı düzgün dəyərləndirməyə çalışın. Plandan kənara çıxmaq heç də hər zaman pis nəticələnməyə bilər.

 

Yuxarıda qeyd etdiyimiz addımları izləyərək özünüzə uğurlu karyera yolu çizib, parlaq bir gələcəyə sahib ola bilərsiniz. Unutmayın, siz istədikdən sonra bacara bilməyəcəyiniz heç nə yoxdur.