Ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti, 50b
10/16/2023 926

Abituriyentləri motivasiya etməyin 10 yolu

Abituriyentləri motivasiya etməyin 10 yolu

 

Abituriyentlik dönəmi yeniyetmələrin fiziki və psixoloji olaraq yüklü olduqları bir zaman kəsimidir. Enişli-çıxışlı olan bu yolda onlar zaman-zaman həvəsdən düşür, seçimlərini sorğulayır, bəzən isə özlərini yetərsiz hiss edirlər. Bu səbəblə onları daim motivasiya etmək, həyatlarının ilk çətin dövrü sayılan bu dövrü travmasız və xoş keçirmələrinə kömək etmək lazımdır. Bəs o yollar hansılardır?

 

  1. Onlarla gələcəkdə yiyələnmək istədikləri ixtisasa sahib olanların uğur hekayələrini paylaşın. Bununla abituriyentlər real nəticə görəcək və özlərinin də o yerdə olmaları üçün əzmlə çalışmağa davam edəcəklər.
  2. Sınaq imtahanlarında topladıqları nəticələrə görə mükafatlandırma sistemi təyin edin. Mükafatların maddiyyatdan çox mənəviyyatlarına xoş gəlməsi üçün çalışın. Məsələn, uğurlu nəticələri qarşılığında onlara istirahət günü üçün bir teatr bileti hədiyyə edə bilərsiniz.
  3. Özgüvənlərini artırmağa davam edin. Unutmayın ki, özgüvənli insan hər zaman bacardığından daha artığını edəcəyinə inanır. Və hər kəsin bildiyi kimi inanmaq bacarmağın yarısıdır.
  4. Onlara bəzi dərslərini birlikdə hazırlamağı təklif edin. Bu sayədə daha sevgi dolu bir mühitdə hiss edəcək və müsbət tonlara köklənəcəklər.
  5. Öz öyrənmə metodlarını kəşf etməyə kömək edin. Bu metodun onlara universitet, iş həyatında da lazım olacağını bildirin. Hər kəsin mütləq şəkildə bir öyrənmə metodu var. Bu metodu tapan abituriyentlərdə özgüvən hissi daha da artır və metoddan istifadə etmək onlara xoş gəldiyi üçün daha çox öyrənməyə meyilli olurlar.
  6. Stressli anları idarə etməyi öyrədin. Hər abituriyentin sözsüz ki, stressin artdığı anları olur. Buna dərsi müəllimə cavab vermə zamanı, sınaq imtahanı zamanı nümunə ola bilər. Bu zamanlarda özünü sakitləşdirməyi, təmkinli davranmağı idarə etməyi bildikdə, abituriyentlər artıq çətinliklərdən qorxmamağa başlayırlar.
  7. Sosial həyatının bitməməsinə çalışın. Davamlı olaraq dərslə yüklənmək onları psixoloji olaraq yora bilər və bu da abituriyenti həvəsdən salacaq önəmli amildir.
  8. Ətraflarındakı insanların da davamlı olaraq oxuduğunu görmək onlara böyük motivasiya ola bilər. Əgər sizin təhsil həyatınız bitibsə onlar dərsləri ilə məşğul olduqları zaman siz də bədii qiraətlə məşğul olun. Bu sayədə özlərini tək hiss etməyəcəklər.
  9. Onlara uyğun dərs mühiti yaradın. Dərslərini hazırladıqları otaq daim səliqəli, təmiz havalı və işıqlı olsun. Otaqdakı rənglərin yuxu gətirməməsi önəmlidir.
  10. Sonuncu və önəmlisi isə topladıqları balın neçə olmasının onlara olan sevginizi təyin etməyəcəyinə, hər zaman yanlarında olduqlarına və qəbul olmadıqları halda həyatlarının sonunun olmadığına inandırın.

 

Bu yollara diqqət edərək abituriyentlərə daha sağlam bir hazırlıq müddəti yaşadaraq uğurlu nəticələr əldə etməsinə yardım edə biləcəksiniz.